19.06.2012 tarixində ehtiyacı olan növbəti 2 ailəni ziyarət edə bildik.
Ailələr qohum idilər və eyni həyətdə yaşayırdılar.
Birinci ziyarət etdiyimiz ailə ana və iki kiçik oğuldan ibarət idi. Oğulun biri bu il 3 - cü sinfə keçir. Əlaçıdır. Digər oğul isə hələ bir il sonra məktəbli olacaq. Övladları kiçik olduğuna görə, ana işləyə bilmir. Yoldaşının vəfatından sonra evdə şirniyyat bişirib satırmış. Artıq bir ildir ki, sifarişinin olmadığını deyir.
Ata iki il yarım əvvəl vəfat edibmiş. Atanın sağlığında ailənin vəziyyəti yaxşı olub. Bu, ailənin yaşadığı evin vəziyyətindən də hiss olunurdu. Ailə ilə eyni həyətdə rəhmətlik ailə başçısının valideynləri və əmisinin ailəsi yaşayırlar.
İkinci ziyarət etdiyimiz ailə elə əmigilin ailəsi oldu. Əmi də rəhmətə gedib. Əminin evində yoldaşı və iki qızı yaşayır. Digər qızlar ailəlidirlər.
Qızın biri səhv aparılan müalicələr nəticəsində əlil olub. 52 yaşı var. İlk dəfə uşaq vaxtı difteriya iynəsinin uşaq yatarkən vurulması nəticəsində "damar yığılması" (elmi adı belə olmaya da bilər) baş veribmiş, bunun nəticəsində qız inkişafdan qalıb. Lakin təhsilinə davam edib, uzun illər boyunca dövlət işində işləyib. İllər sonra belində "qrija" - dan əməliyyat edildikdən sonra ümumiyyətlə gəzə bilmir...
Ailələr barədə əvvəlcədən "kənd camaatından" məlumat aldığımıza görə, birinci ailəni ziyarətimiz uzun çəkmədi, sadəcə ərzaqları verib 1-2 dəqiqə hal-əhval tutub çıxdıq. İkinci ailədə isə əlil xanım çox narahat olduğuna və hər gələn ziyarətçidən müalicəsi ilə bağlı kömək gözlədiyinə görə şəkillərini çəkməklə onu ümidləndirmək istəmədik.
Anası da, qız özü də, dedilər çox adam gəlib-gedib yanımıza. Təşkilatlardan və s. Hamısı gəlir şəkillərimizi çəkir, sənədlərimizin kopyasını götürüb gedir. Daha sonra isə əlaqə saxlamırlar.
Odur ki, bizim də şəkil çəkməyimizlə ümidlənəcəklərindən ehtiyat edib, bu dəfə şəkilsiz başa vurduq ziyarətimizi.
Şərhlər