Avropa İttifaqı “Save the Children” beynəlxalq humanitar təşkilatı və “Ümidli Gələcək” gənclər təşkilatı ilə birgə Azərbaycanda uşaq evləri və internatların uşaqları üçün “Yeniyetmələr üçün həyat bacarıqları proqramı” layihəsini reallaşdırır.
“Layihənin reallaşrıdılmasına 2009-cu ildən başlanıb. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə uşaq evlərinin və internatların 14 yaşdan 17 yaşa qədər uşaqları üçün hazırlanıb”, - deyə proqramın meneceri Bahar Ərəbova bu layihənin reallaşdırılmasına həsr olumuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, bu gün uşaq evlərini və internatları tərk etdikdən sonra uşaqların məşğulluq və yaşayış problemlərinin həlli ən vacib məsələdir.
“Ölkənin beş regionundan – Bakı, Gəncə, Şəki, Lənkəran və Qubadan qeyri-hökumət təşkilatları bizimlə əməkdaşlıq edir, biz bu istiqamətdə onların işini gücləndirməyə çalışırıq”, - deyə B.Ərəbova əlavə edib. Onun sözlərinə görə, elə etmək lazımdır ki, qeyri-hökumət təşkilatları beynəlxalq təşkilatlardan müəyyən təcrübə toplasınlar.
B.Ərəbova deyib ki, “Save the Children” layihənin reallaşdırılmasında Azərbaycan Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edir.
“Bu vaxt ərzində biz uşaq evlərinin 15 məzununu iş yerləri ilə təmin edə bilmişik, yüzdən çox uşaq isə işə dəvət alıb, ancaq onlar hələ işə başlaya bilməzlər, çünki onlar təhsilini başa vurmalı və həddi-buluğa çatmalıdırlar”, - deyə B.Ərəbova layihənin ilkin nəticələri haqqında danışaraq bildirib.
Şərhlər